MULTİKULTURALİZM PEDAQOJİ PROBLEM KİMİ

MULTİKULTURALİZM PEDAQOJİ PROBLEM KİMİ

Əjdər AĞAYEV,
Azərbaycan Təhsil Şurasının sədri,
pedaqoji elmlər doktoru, professor,
Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının
həqiqi üzvü, əməkdar müəllim
Açar sözlər: multikulturalizm, qloballaşma, inteqrasiya, həyat tərzi, pedaqoji proses
Ключевые слова: мультикультурализм, глобализация, интeгрирование, образ жизни, педагогический процесс
Key words:

Giriş.
XXI əsr elmin, texnikanın, texnologiyaların sürətli inkişafı, insan münasibətlərinin, iqtisadi baxışların və həyat tərzinin məzmunca çoxçeşidliliyi və digər yeniliklərlə səciyyələnir. Dünyada baş verən siyasi, iqtisadi, sosial, mədəni-mənəvi hadisələr yeni terminlərin yaranmasına səbəb olduğu kimi, bəzi bəlli terminlərin işlək hala gətirilməsinə də təsir göstərir. Məsələn, qloballaşma, multikulturalizm terminləri bu qəbildəndir.
Yeni terminlərin meydana çıxması, yaxud işlənmə aktuallıqları yalnız üslubi-qrammatik mahiyyətli deyil, həm də baş verən mövcud münasibətlərin, tərzlərin, baxışların, hadisələrin mahiyyətini ehtiva edir.
Qloballaşma ölkələr, dövlətlər arasında əlaqələrin genişlənməsini, inteqrasiyasını, birliklərini, vəhdətini əks etdirir.
Təbii ki, bu proses də elmi, texniki, texnoloji inkişafla bağlıdır. Əgər yarım əsr əvvəl ölkələrarası gediş-gəlişlərin, daşınmaların və s. sürəti və kütləviliyi zəif idisə, bu gün olduqca intensiv və sürətlidir. Əgər ötənlərdə hər ölkənin məxsusi sənaye-texniki inkişafı lokallıq halında idisə, hazırda bu inkişaf bir ölkənin digər ölkə ərazisində qurduğu sənaye, turizm və s. sərmayələri ilə də inkişaf etdirilir. Ötənlərdə insanların ölkələrarası gediş-gəlişləri çox məhdud idi, keçmiş SSRİ-də, hətta, mümkün deyildi. Hazırda dövlətlərin sərhədləri maneə deyil, körpü rolunu oynayır. Miqrasiyalar o qədər çoxalıb ki, çoxluq təşkil edən millətin adını daşıyan ölkə, digər ölkələrdən gələn millətlərin çoxluğunda demoqrafik mahiyyətini itirir.
İqtisadi, sosial, hətta, siyasi-dövlətçilik birliyinin – qloballaşmanın yaranmasına, elmin, texnologiyanın, təhsilin, peşə-ixtisasların ümumbəşəriliyinə və getdikcə inkişaf etməsinə baxmayaraq, dini-mənəvi dəyərlər, hər xalqa, millətə məxsus tarixi-mədəni ənənələr, xalqın məişəti, adətləri, dili, tarixi, mədəniyyəti, vətənpərvərliyi, ədəbiyyatı və s. özünəməxsus keyfiyyətlərlə, dünyanın hansı ölkəsində olursa-olsun yaşayır. Amma bəzi super dövlət ideoloqları xalqların fərdi-mənəvi keyfiyyətlərini, tarixi ənənələrini öldürməyə meyllənir, sadəcə insanların fəaliyyət birliyini formalaşdırmağa çalışırlar. Təbii ki, burada əsas məqsəd siyasi, iqtisadi hegemonluqdur. Məhz buna görə də bəzi Avropa ölkələrində qloballaşma əleyhinə xalq hərəkatları baş verir. Amma qloballaşma cəmiyyətin tarixi inkişafının zəruri mərhələsidir, odur ki, qaçılmazdır. Elə isə necə etməli ki, bu prosesdə və qloballaşan cəmiyyətdə - iqtisadi, sosial, hətta, siyasi birliklərdə hər bir xalqın, millətin mədəniyyəti, mənəviyyatı qorunub, saxlanılsın. Əgər bir xalqın mədəniyyəti, mənəviyyatı qorunmazsa, gendə, düşüncədə, əməldə saflıq, düzlük, doğruluq, əxlaqi gözəlliklər itər, cəmiyyətdə insanilikdən daha çox heyvanilik özünü göstərər. Hazırda insanlıq genini itirmiş bəzi ölkədə olduğu kimi, terror, dağıntı, zor, haqsızlıq bütün dünyanı bürüyər. Bəs necə etməli, qloballaşan dünyada haqqı, ədaləti, gözəllikləri necə qorumalı? Bu suala multikulturalizm cavab verir.
Multikulturalizmin mahiyyəti və reallıqları.
Əvvəlcə, aydınlaşdıraq, görək multikulturalizm hansı məzmunu ifadə edir və mahiyyətcə nədir?
Çoxmədəniyyətlilik mənasını verən multikulturalizm bir ölkənin və eləcə də dünyanın ədalətə söykənməsində, sabit, tolerant inkişafında xüsusi əhəmiyyətə malikdir.
Multikulturalizmlə əlaqədar araşdırmalarda və müzakirələrdə qeyd edilmişdir ki, multikulturalizm – eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun olan siyasətdir.
O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların milli mədəniyyətlərinin qorunmasına yönəldilmişdir. Multikulturalizm humanist və demokratik nəzəriyyə, yaxud ideologiya olaraq tolerantlığı təcəssüm etdirir. Onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyildir (Kamal Abdullayev).
Deyilənlərdən belə nəticəyə gəlmək olur ki, multikulturalizm ideologiyadır, demokratik nəzəriyyədir, eyni zamanda, həyat tərzidir.
Multikulturalizm tolerantlıq, ədalət prinsiplərinə söykənir, ayrı-ayrı xalqlara və onların mədəniyyət sərvətlərinə hörmət edilərək, birlikdə yaşamaq, fəaliyyət göstərmək və qloballaşma nailiyyətlərini sabit, davamlı inkişafda qazanmaqdır.
Bəllidir ki, multikulturalizm ideyası Avropanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrində meydana çıxmışdır. Multikulturalizm mədəniyyətli ölkələrdə müxtəlif dinli, müxtəlif mədəniyyət ənənəli xalqlar birlikdə rahat yaşamışlar. İctimai əxlaq normalarına və dövlətin hüquqi aktlarına əməl edən bu xalqlar qarşılıqlı iş birliyi şəraitində çalışmışlar, eyni zamanda, öz mədəniyyətlərini paralel olaraq qorumuşlar. Lakin zaman keçdikcə Amerika və Avropanın bəzi ölkələrində multikultural baxışlarda azlıq təşkil edən xalqların mədəniyyətlərinə qarşı ziyanlı münasibətlər yaranmağa başlamışdır.
Bütün mədəniyyətlərin bir mədəniyyətdə qovuşması (ABŞ), yaxud müxtəlif mədəniyyətlərin bir mozaikanın hissəsi kimi hesab edilməsi (Kanada) və bu kimi ideyalar meydana gəlmişdir.
Son dövrlərdə Avropada multikulturalizmin diqqətdən kənarda qalması problemi, hətta, ölkə başçılarını, ictimai xadimləri düşündürməyə başlamışdır. Çünki ölkədə multikultural mədəniyyətin olmaması xalqlararası sağlam münasibətin pozulmasına gətirib çıxarır, rahatlığı, qarşılıqlı anlaşmanı pozur. 2011-ci ilin 8 sentyabrında Rusiya Federasiyasının Yaroslavl şəhərində keçirilən 3-cü sülh Siyasəti Forumunda Rusiyanın NATO yanında daimi nümayəndəsi Dmitri Roqozin Avropa multikulturalizm siyasətini tənqid etmişdir. Hələ 2011-cu ilin oktyabr ayında Xristian Demokratik İttifaqının gənc üzvləri ilə görüşü zamanı Almaniyanın kansleri Angela Merkel bildirmişdir ki, Almaniyada multikultur cəmiyyət yaradılması səyləri “tamamilə iflasa uğramışdır”. Bu cür narahatlıqları digər dövlət başçılarından da eşitmək mümkündür. Deməli, sabitlik və əmin-amanlıq istəyən dövlət rəhbərləri multikulturalizmin iflasını yox, möhkəmləndirilməsini arzu edirlər. Bu arzu yalnız o zaman reallaşa bilər ki, ölkədə multikulturalizm dövlət siyasətinə, xalqların həyat tərzinə çevrilsin, tolerantlığa xidmət etsin. Məhz Azərbaycan Respublikasında  olduğu kimi.
Azərbaycan multikulturalizm modeli
Azərbaycanda kultural mədəniyyətin müasir tələblər səviyyəsində formalaşmasının, ölkədə sabitliyin və tərəqqinin əsas amil olduğunu nəzərə alan Ulu öndər Heydər Əliyev multikulturalizmin siyasi və hüquqi müstəvidə yerini müəyyən etmişdir. O, Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçmiş və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək, onu keyfiyyətcə yeni mərhələyə qaldırmışdır. Deməli, Ulu öndər Azərbaycan multikulturalizminin siyasi banisidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ilə 2014-cü ilin fevral ayının 28-də Azərbaycanda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi təsis edilmiş, 2014-cü ilin may ayının 15-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Hazırda Multikulturalizm Mərkəzində multikulturalizm probleminin tədqiqi, təbliği, tədrisi istiqamətində geniş iş aparılır. Bakıda keçirilən Beynəlxalq konfranslarda, “dəyirmi masa” müzakirələrində və digər mühüm beynəlxalq əhəmiyyətli tədbirlərdə dövlətimizin başçısı İlham Əliyev Azərbaycanda multikulturalizm mədəniyyətinin qorunması və inkişafına ən yüksək diqqət yetirildiyini dəfələrlə bildirmişdir.
Bakıda yüzdən artıq dövlət nümayəndəsinin qatıldığı III Mədəniyyətlərarası Dialoq-Forumda çıxışı zamanı prezident İlham Əliyev qeyd etmişdir ki, əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşayıblar. Biz fəxr edirik ki, bu müsbət meyllər müstəqillik illərində daha da güclənib. Bizim tarixi abidələrə nəzər salmaq yetər ki, Azərbaycanın mədəni müxtəlifliyi aydın görünsün. “Biz tarixi və mədəni irsimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən olan, 743-cü ildə inşa edilmiş məscid Azərbaycanın qədim Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri – Qafqaz kilsələrindən biri digər qədim Şəki şəhəri yaxınlığındadır. Pravoslav və katolik kilsələr, sinaqoqlar, atəşpərəstlər məbədi bizim mədəni irsimizin tərkib hissəsidir və biz bununla fəxr edirik.
“Bizim ölkədə multikulturalizmin ənənələri hər zaman güclü olub”, - deyən ölkə başçısı “multikulturalizmin alternativi yoxdur” qənaətini də qətiyyətlə bildirmişdir.
Prezident İlham Əliyev “ölkəyə, xalqa, dinə olan hörmət digərlərinin ənənələrinə və dəyərlərinə hörmətdən başlayır. Yalnız bu yolla uğura nail olmaq mümkündür” fikrini səsləndirdikdən sonra demişdir ki, təəssüflər olsun ki, bu gün biz daha çox bu haqda danışmalı oluruq. Çünki biz bu gün dünyanın müxtəlif yerlərində etnik, dini, məzhəb zəminində ayrı-seçkiliyi görürük. Bu da faciəvi bir haldır. Biz bunu öz qonşuluğumuzda görürük. Biz, həmçinin, neofaşizm hərəkatı kimi təhlükəli meyllərin şahidi oluruq. Beynəlxalq ictimaiyyət, onun liderləri bu məsələyə çox ciddi şəkildə yanaşmalıdırlar. Çünki biz bu döyüşdə qalib gəlməliyik və bunu yalnız birgə səylərimizlə edə bilərik (www.ann.az).
2014-cü ilin noyabr ayının 4-5-də Bakıda keçirilən III Bakı Beynəlxalq Teatr konfransında “Teatr sənətinin multikulturalizm – universal dəyərlər sistemində yeri” mövzusunda keçirilən beynəlxalq konfransda mütəxəssislərin çıxışlarından belə bir ümumi nəticə hasil olmuşdur: mədəniyyətlərarası dialoq və multikulturalizm Azərbaycanda dövlət siyasətinin tərkib hissəsi və prioritetlərindəndir.
Dünyada 4000-ə qədər xalq, millət və etnik qrup yaşayır. Deməli, dünyada bir o qədər də etnomədəniyyət, mentalitet, həyat və davranış tərzi vardır. Azərbaycan multikulturalizmi yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə öz səmərəli nəticələri ilə insanlara sülh, əmin-amanlıq, qarşılıqlı hörmət bəxş etməyə yönəldilmişdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında məhz bu cəhət nəzərə alınaraq, “... cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə gücləndirilməsinin zəruri” olduğu göstərilir.
Ölkəmizdə keçirilən beynəlxalq konfranslarda, festivallarda, sərgilərdə tolerantlığın, multikulturalizmin dövlət siyasəti və insanların həyat tərzi olduğu praktik reallıqlarla meydana qoyulur.
Haqlı olaraq digər ölkələrdə Azərbaycan multikulturalizminin öyrənilməsinə ehtiyac yaranır. Buradan da multikulturalizmin həm də pedaqoji problem olduğu meydana çıxır. Çünki multikulturalizm təcrübəsinin təbliği, öyrənilməsi və öyrədilməsi pedaqoji prosesdə həyata keçirilir.
Multikulturalizm pedaqoji problem kimi
Prezident İlham Əliyevin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında imzaladığı Fərmandan ötən bir il ərzində görülmüş işlərdən bəhs edən Respublikanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev qeyd etmişdir ki, Multikulturalizm Mərkəzinin əsas istiqamətlərindən biri “Azərbaycan multikulturalizmi anlayışını dünya ictimaiyyətinə çatdırmaqdır. Bunun bir çox yolları var. Seçdiyimiz yol “Azərbaycan multikulturalizmini xarici ölkələrdə, xüsusilə, gənclər arasında yaymaqdır. Bunun üçün həmin ölkələrin ali məktəblərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanılıb. Bu gün dünyanın 7 ölkəsində, Azərbaycanın 8 universitetində “Azərbaycan multikulturalizmi” fənni bakalavriat və magistratura pilləsində tədris edilir… bu fənni öyrənmək istəyənlərin sayı artmaqdadır…
Tədrisə başlamazdan əvvəl “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərinin məzmunu müəyyənləşdirilmiş və fənlər üzrə məzmunu əhatə edən tədris proqramı hazırlanmışdır.
Mərkəz müvafiq pedaqoji kadr hazırlığı məsələsini də həll etmişdir. Belə ki, Mərkəzin kurslarında iştirak edən dinləyicilər kurs üzrə təlim hazırlığı keçib, imtahan verir və tədrisetmə səlahiyyəti verən sertifikatlar alırlar.
Mərkəzdən verilən məlumata görə, həmin fənlərin tədrisinə maraq göstərən ali məktəblərin sayı artmaqdadır...
Qeyd etməliyəm ki, Azərbaycan Respublikasının Prezidenti yanında “Bilik Fondu”nun maarifçilik layihələrində də multikulturalizm mədəniyyətinin təbliği geniş yer tutur. Burada da pedaqoji istiqamət əsas götürülür. Bilik Fondunun bu ilin 15 sentyabrında Bilik günü münasibəti ilə ölkəmizin bütün bölgələrində keçirdiyi Azərbaycan multikulturalizminə həsr olunmuş mühazirələr böyük maraqla dinlənilmişdir. Dövlət müşaviri, akademik Kamal Abdullayev Şamaxı rayonundakı Sabir qəsəbə tam orta məktəbində, Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev Neftçala rayonunun Yeni Qışlaq kənd ümumi orta məktəbində və digər mühazirəçilər ölkənin müxtəlif ümumtəhsil ocaqlarında şagirdlər qarşısında “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda çıxışları ilə məktəbli gənclərin multikulturalizm biliklərini genişləndirmişlər.
Bütün bunlar Mərkəzin, Bilik Fondunun xətti ilə görülən pedaqoji yönümlü işlərdir.
Fikrimcə, multikulturalizm biliklərinin gənclərə ötürülməsi, hər kəsdə multikultural mədəniyyətin formalaşdırılması üçün bu işə kompleks pedaqoji təsirlərlə yanaşılmalıdır. Belə ki, bu proses uşaqların yaş səviyyəsinə, anlama imkanlarına uyğun olaraq uşaq bağçasından başlayaraq, ümumtəhsil məktəbində və peşə-ixtisas təhsili ocaqlarında sistemli olaraq davam etdirilməlidir. Eyni zamanda, multikulturalizm bilgiləri və təcrübi reallığı tərbiyəvi amilləri ilə də mədəni-intellektual insanın formalaşmasına təsir göstərə bilər.
“Azərbaycan multikulturalizmi” fənninin ümumtəhsil məktəblərində fakültativ məşğələyə ayrılan vaxt hesabına keçilməsi işin asanlıqla görülməsinə imkan verə bilər.
Nəticə
Siyasi, fəlsəfi, iqtisadi, mədəni-mənəvi məzmuna malik multikulturalizmin böyüyən nəsillərin dünyagörüşünə, həyat tərzinə çevrilməsi üçün təlim-tədris prosesindən, tərbiyəvi təsirlərdən istifadə edilməsi mühüm əhəmiyyətə malikdir. İstər ölkəmizdə, istərsə də xarici ölkələrdə Azərbaycan multikulturalizminin pedaqoji problem olaraq tədqiqi, təbliği və tədrisinin insanların multikultural mədəniyyətə yiyələnməsində mühüm rola malik olduğu danılmazdır.
XÜLASƏ
Əjdər AĞAYEV
Multikulturalizm pedaqoji problem kimi

Məqalədə multikulturalizmin mahiyyəti aşkarlanır, qloballaşma zəminində onun mühüm əhəmiyyət daşıdığı göstərilir. Çoxmədəniyyətliliyin bir ölkə daxilində və dünyada rəğbətlə qarşılanmasının sabitliyə, tolerantlığa, qarşılıqlı anlaşmaya səbəb olduğu göstərilir. Eyni zamanda, Azərbaycan multikulturalizmi modeli izah edilir, onun beynəlxalq aləmdə, pedaqoji prosesdə öyrənilməsi və öyrədilməsi təcrübəsi şərh olunur. Multikulturalizmin bu baxımdan pedaqoji problem kimi tədqiqə və tədrisə cəlb edilməsi məqsədəuyğun sayılır.

MƏNBƏ:
1. Azərbaycan Prezidenti İlham Əliyevin İkinci Bakı Beynəlxalq Forumun açılışında çıxışı. “Azərbaycan” qəzeti, 5 oktyabr 2012-ci il
2. www.president.az
3. www.modern.az
4. https: // ru.wikipedia.org/
5. www.multikulturalizm.gov

Комментарии