MOSKVADA TƏHSİL AKADEMİYASINDA ELMİ KONFRANS

MOSKVADA TƏHSİL AKADEMİYASINDA ELMİ KONFRANS

Moskvada “Təhsil sisteminin inkişafı – ölkənin təhlükəsizliyinin təminatının əsasıdır” mövzusunda aprel ayının 22 və 23-də Rusiya Təhsil Akademiyasının böyük akt zalında elmi konfrans keçirilmişdir. Konfransı Pedaqoji və Sosial Elmlər Akademiyası ilə birgə Rusiya Təhsil Akademiyası təşkil etmişdir. Konfransın plenar iclasında 20-dən artıq məruzə dinlənilmişdir. Rusiya Təhsil Akademiyasının vitse-prezidenti akademik D.İ.Feldşteyn (Moskva ş.) uşaqlığın təhlükəsizliyi; Pedaqoji və Sosial Elmlər Akademiyasının prezidenti, akademik V.A.Tişkov (Moskva ş.) yeni tarixi mədəniyyət; PSEA-nın akademiki, hüquqşünas V.V.Letunovski (Moskva ş.) təhsilin təhlükəsizliyi və maariflənmiş təhlükəsizlik; PSEA-nın həqiqi üzvü K.D.Polulyax (Moskva ş.) təhlükəsizlik və təhsil: cəmiyyətin vəziyyəti və təhsil sisteminin inkişafı, ölkənin təhlüksizliyinin təminatı; PSEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, RF-nın əməkdar hərbi mütəxəssisi V.F.Jmerenskiy (Moskva ş.) “Sosial sistemin təhlükəsizliyi” yeni tədris fənni kimi: məzmunu, təhsil sistemində yeri və rolu; PSEA-nın həqiqi üzvü, RTA-nın müxbir üzvü, professor İ.A.Aloxin (Moskva ş.) təhsil sahəsində təhlükəsizlik: vəziyyət, problemlər, təminat yolları; PSEA-nın həqiqi üzvü, fəlsəfə elmləri doktoru V.M.Leybin (Moskva ş.) virtual aləm və sosial təhlükəsizlik; hüquq elmləri doktoru, akademik V.V.Çistyakov (Moskva ş.), akademik M.Yu.Çernışov (İrkutsk ş.) ənənələr aspektində təhsil sistemi, tərbiyə və şəxsiyyətin formalaşdırılmasının inkişaf perspektivində Rusiyanın təhlükəsizliyi; PSEA-nın həqiqi üzvü, psixoloq P.Ya.Prıqunov (Kiyev ş.) təhsil müəssisələrinin təhlükəsizliyinin təminatı modeli; PSEA-nın həqiqi üzvü, hərbi elmlər üzrə professor N.İ.Zubok (Kiyev ş.) müasir təhsil sferası təhlükəli mühit kimi; PSEA-nın həqiqi üzvü, pedaqogika professoru V.S.Kukuşin (Taqanroq ş.) ölkənin təhlükəsizliyi bizim əllərimizdədir və digər məsələlər üzrə söylənən məruzələrdə şagirdlərin tibbi, fizioloji, əxlaqi-mənəvi, ideya-siyasi və sosial təhlükəsizliyinin xüsusi aktuallıq kəsb etdiyi, təhsilin ölkənin təhlükəsizliyinin təmin edilməsində ideoloji və tərbiyəvi rolu aşkarlanmış, ölkədə yaranan mənəvi, psixoloji və təhsil geriləməsinin aradan qaldırılması üçün düşünülmüş, kompleks, təsirli, perspektivli layihələrin hazırlanması təklif edilmişdir.
Elmi konfransın ikinci günü bölmələrdə eşidilən məruzələr və müzakirələr yeniləşən cəmiyyətin təhsil sahəsində yeniliklərlə dolu vəzifələrini nümayiş etdirmiş və müxtəlif ideya və fikirlərin irəli sürülməsinə təkan vermişdir. Bu məruzələrdə qloballaşan dünya, dünya təhsil təcrübəsinə inteqrasiya məsələləri, eləcə də Rusiyada təhsil alanların təhsillənmə maraqlarının enməsi, gənclərin narkotik maddələrə aludəçiliyi və bəzilərinin radikal qruplara meylliliyi təhlükə kimi qiymətləndirilmiş, ölkənin inkişafı və təhlükəsizliyinin təminatının təlim, tərbiyə, təhsil işindən asılı olduğu göstərilmişdir. Rusiya Federasiyasının Prezidenti D.Medvedyevin çıxışlarına istinad edilərək, bu sahədə dəqiq perspektivin müəyyənləşdirilməsi, reallaşdırılması qətiyyətlə ortaya qoyulmuşdur.
Onu da qeyd etmək lazımdır ki, elmi konfrans pedaqoji, psixoloji, sosial, siyasi, texniki, hərbi, İKT və daha digər elmlərin inteqrasiyası ilə gənclərin biliklərə yiyələnməsi, onlarda müvafiq bacarıqların formalaşdırılması sahəsində yeni konseptual iş sisteminin hazırlanmasını məqsədəuyğun saymışdır.
Konfransda qeyd edilmişdir ki, hazırkı ekoloji ziyanların nəticəsində uşaq və yeniyetmələr lazımi sağlamlıq səviyyəsində ola bilmirlər. Proqram və dərsliklərin hazırlanmasında, tədris prosesində uşaqların tibbi, psixoloji, fizioloji durumu mütləq nəzərə alınmalı, onlar həddindən artıq çalışma və materiallarla yüklənməklə ikrah hissi daşıyan insanlara çevrilməməlidirlər. Ona görə də proqram və dərsliklər hazırlanarkən uşaqların hər bir sinif üzrə tibbi-fizioloji durumu müəyyənləşdirilməli, ona müvafiq olaraq tədris işi həyata keçirilməlidir. Xüsusilə, ibtidai siniflərdə tədris vəsaitləri və materialları şagirdləri yormamalıdır, onları təlimə maraqlandırmalıdır.
Qeyd etmək istərdik ki, Azərbaycanda uşaqların əxlaqi-mənəvi durumu normal olsa da, fiziki davamlılıqları zəifdir. Buna baxmayaraq, uşaqların  fiziki durumu ilə əlaqədar heç bir tədqiqat işi aparılmır, proqram və dərsliklər hazırlanarkən yalnız pedaqoji tələblər nəzərə alınır. Bunun nəticəsidir ki, ibtidai sinif şagirdləri tədris vəsaitlərini məktəbə aparıb-gətirməkdən cana gəliblər, eləcə də təlim tapşırıqlarının icrasında çətinlik çəkir, kömək üçün kiməsə müraciət etməli olurlar. Çünki dərsliklər həddindən artıq mürəkkəb və dolaşıq yazılıb. Nə qədər gec deyil, dərsliklərin hazırlanmasına metodist, praktik müəllim, həkim-fizioloq və psixoloq cəlb edilməlidir...
Elmi konfransda əsasən Rusiya şəhər və vilayətlərindən, MDB ölkələrindən PSEA-nın üzvləri iştirak etmişlər. Azərbaycan Respublikasını professor Rafiq Novruzov, professor Əjdər Ağayev, professor Nigar Ələkbərova və RTA-nın akademiki Hümeyir Əhmədov təmsil etmişlər.
“Təhsil və zaman”














Комментарии